Məxfilik Siyasəti
Son yenilənmə: 6 oktyabr 2026
Bu sənəd Petekh-in (petekh.com və Petekh tətbiqi) sizin haqqınızda hansı məlumatları topladığını, onlarla nə etdiyini, kimə verdiyini və nə qədər saxladığını izah edir. Platformanı fərdi sahibkar Nahid Quliyev idarə edir. Mətndə «biz» dedikdə onu nəzərdə tuturuq.
Qısaca:
- Yalnız xidmət üçün lazım olan məlumatı toplayırıq.
- Məlumatınızı satmırıq və reklam üçün heç kimə vermirik.
- Saytda reklam və ya analitika izləyicisi yoxdur.
- Hesabınızı istənilən vaxt özünüz silə bilərsiniz.
1. Hansı məlumatları toplayırıq
- Qeydiyyat: telefon nömrəsi, e-poçt, parol və istəsəniz adınız. Parol açıq şəkildə saxlanılmır, yalnız geri açılmayan şifrələnmiş (hash) forması saxlanılır.
- Google ilə giriş: Google-un təsdiqlədiyi e-poçt ünvanınız. Google hesabınızın parolunu görmürük.
- Profil şəkli (istəyə bağlı): özünüz yüklədiyiniz şəkil. Şəkil kiçildilir (256×256) və yenidən yazılır: telefonun şəklə əlavə etdiyi gizli məlumat (məsələn, çəkildiyi yer və cihaz) silinir. Profil şəklini yalnız siz görürsünüz: mağazaya, baytara və başqa istifadəçilərə göstərilmir.
- Sifariş: çatdırılma ünvanı, xəritədə seçdiyiniz nöqtə, əlaqə nömrəsi, kuryer üçün qeyd, sifarişin tərkibi, məbləği, ödəniş üsulu, istifadə etdiyiniz promo kod və Bal.
- Abunəlik: ünvan, əlaqə nömrəsi, rayon, çatdırılma günü və abunəliyin tərkibi.
- Heyvan profili (istəyə bağlı): heyvanın adı, növü, cinsi, cinsiyyəti, doğum tarixi, çəkisi, şəkli və qeydləriniz. İstəsəniz, bunları da yaza bilərsiniz: sağlamlıq məlumatı (sterilizasiya, allergiya, xroniki xəstəlik, daimi dərmanlar), aktivliyi, harada yaşadığı, xasiyyəti, mikroçip nömrəsi, fərqləndirici nişanları və yemi (adı, torbanın çəkisi, açıldığı gün, gündəlik miqdar).
- Qulluq təqvimi (istəyə bağlı): yazdığınız peyvənd, qurd və birə/gənə dərmanı, baytar yoxlaması, qulluq və çəki ölçümləri — tarixi, növbəti tarixi və qeydi.
- PetAI: PetAI-a yazdığınız suallar, alınan cavablar və sualın aid olduğu heyvan. Suallar hesabınızda söhbətlər şəklində saxlanılır ki, onlara sonra qayıda biləsiniz.
- Çəkini şəkildən ölçmə: göndərdiyiniz şəkil yalnız ölçmə üçün istifadə olunur və bizdə saxlanılmır.
- Evə baytar çağırışı: ünvan, heyvanın vəziyyətinin təsviri və təcililik dərəcəsi.
- Rəylər (istəyə bağlı): mağazaya və ya baytara verdiyiniz ulduz və şərh, rəyin aid olduğu sifariş və ya çağırış, tarix.
- İtən və tapılan elanları (istəyə bağlı): elanın başlığı, təsviri, şəkli, təxmini yer, mükafat və əlaqə nömrəsi. Kimin hansı elanda nömrəni açdığı da qeyd olunur. Bu, nömrələrin toplu yığılmasının qarşısını almaq üçündür. Heyvan profilindəki «İtib» düyməsi formanı profildən doldurur (şəkil, ad, cins, cinsiyyət, yaş, nişanlar, xasiyyət və «mikroçipi var» qeydi) — elanı yerləşdirməzdən əvvəl hamısını görür və dəyişə bilərsiniz. Mikroçip nömrəsi və sağlamlıq məlumatı elana yazılmır.
- Şikayət və bloklar: etdiyiniz şikayətlər və blokladığınız istifadəçilər.
- Mağaza və baytar (partnyorlar): ad, ünvan, telefon, rəsmi ad, VÖEN, baytarın lisenziya nömrəsi və xəritə nöqtəsi. Paneldə «📍 İndi olduğum yeri qeyd et» düyməsini bassanız, cihazın yeri icazənizlə yalnız bir dəfə oxunur və xəritə nöqtəsi kimi yazılır. Yeriniz arxa planda izlənmir.
- Texniki məlumat: uğursuz giriş cəhdlərini saymaq üçün IP ünvanı qısa müddətə yaddaşda saxlanılır. Server xətaları texniki jurnala yazılır. Sistemdə olmayan xidməti ünvanları yoxlayan (hücum əlaməti olan) sorğunun IP ünvanı və brauzer məlumatı texniki jurnala yazılır, həmin IP 6 saatadək bloklanır.
2. Məlumatdan nə üçün istifadə edirik
- Hesabınızı açmaq, sizi tanımaq və parolu bərpa etmək üçün (e-poçtla kod göndəririk).
- Sifarişi mağazaya çatdırmaq, hazırlatmaq və sizə gətirmək üçün.
- PetAI cavabı, yem proqnozu və heyvanınıza uyğun məhsul göstərmək üçün.
- Heyvanınızın qulluq vaxtını (peyvənd, dərman), yemin bitməsini və ad gününü tətbiqdə və bildirişlə xatırlatmaq üçün.
- Baytar çağıranda seçdiyiniz heyvanın qısa kartını həmin baytara göstərmək üçün — gəlməmiş allergiya və dərmanları bilsin.
- Sifariş, çatdırılma və dəstək barədə sizinlə əlaqə saxlamaq üçün.
- Saxtakarlığın, spamın və hesablara hücumun qarşısını almaq üçün.
- Qanunun tələb etdiyi mühasibat və vergi qeydlərini aparmaq üçün.
Hüquqi əsas: sifariş və hesab üçün məlumat bizimlə aranızdakı razılaşmanı yerinə yetirmək üçün lazımdır. Mühasibat qeydlərini qanun tələb edir. İstəyə bağlı məlumatları (heyvan profili, elan, PetAI sualı) özünüz verdiyiniz üçün emal edirik və onları istənilən vaxt silə bilərsiniz.
3. Məlumatı kimə veririk
Məlumatınızı satmırıq. Yalnız xidmətin işləməsi üçün lazım olan qədərini aşağıdakılara veririk:
- Mağazalar (zoomarketlər): sifarişin tərkibi. Ünvan və nömrə lazım olduqda.
- Kuryerlər: ünvan, xəritədəki nöqtə, əlaqə nömrəsi və kuryer üçün qeyd.
- Baytarlar: baytar çağırdıqda ünvan, nömrə və heyvanın vəziyyəti. Çağırışda heyvanı seçmisinizsə, həmin baytar onun qısa kartını da görür: ad, növ, cins, yaş, çəki, cinsiyyət, sterilizasiya, harada yaşadığı, allergiya, xroniki xəstəlik, daimi dərmanlar və xasiyyət. Şəkil, mikroçip nömrəsi, nişanlar və yem məlumatı baytara göstərilmir.
- Texniki xidmət təminatçıları (bizim adımızdan və yalnız bizim tapşırığımızla işləyirlər):
- Railway: server və verilənlər bazası;
- Cloudflare: saytın yayımı və domen; qeydiyyatda robot yoxlaması (Turnstile) — bunun üçün brauzeriniz və cihazınız haqqında texniki məlumat (IP ünvanı daxil) Cloudflare-ə göndərilir;
- Resend: e-poçt göndərişi (parol bərpa kodu; mağazalara və baytarlara yeni sifariş və çağırış xəbəri — bu məktublara müştərinin ünvanı və nömrəsi yazılmır);
- Google: «Google ilə giriş» və saytdakı şriftlər;
- OpenStreetMap: xəritə təsvirləri (brauzeriniz xəritə hissələrini birbaşa oradan yükləyir). Xəritədə «Yerimi göstər» düyməsini bassanız, cihazın yeri icazənizlə yalnız ekranda göstərmək üçün istifadə olunur — Petekh-ə göndərilmir və saxlanılmır;
- OpenAI: PetAI süni intellektlə işlədikdə sualınızın mətni və seçdiyiniz heyvanın profili (ad, növ, yaş, cins, çəki; doldurmusunuzsa sterilizasiya, aktivlik, harada yaşadığı, allergiya, xroniki xəstəlik, daimi dərmanlar və xasiyyət) ona göndərilir. Profil şəkli, mikroçip nömrəsi və nişanlar göndərilmir;
- Anthropic: PetAI-a heyvanın şəklini göndərəndə (sağlamlıq sualı və ya çəkini şəkildən ölçmə) şəkil, sualınızın mətni və seçdiyiniz heyvanın profili (yuxarıdakı kimi) ona göndərilir. Şəkil Petekh-də saxlanılmır — yalnız cavab söhbətinizdə qalır.
- Hamı (ictimai): yazdığınız rəy — ulduz, şərh və adınız (ad yoxdursa «Müştəri»). Nömrəniz, e-poçtunuz və ünvanınız rəydə göstərilmir. Mağaza və ya baytar rəyə açıq cavab yaza bilər.
- Mağaza məlumatı (hamı): mağazanın adı, ünvanı, telefonu, rəsmi adı (fərdi sahibkarda soyadı, adı və atasının adı) və VÖEN-i mağaza səhifəsində göstərilir. Bunu «Elektron ticarət haqqında» Qanunun 5.3-cü maddəsi tələb edir.
- Baytar məlumatı (qeydiyyatlı istifadəçilər): baytarın adı, klinikası, lisenziya nömrəsi, xidmət rayonları və xəritədə təxmini yeri — təqribən 1 km dəqiqliklə. Dəqiq nöqtə göstərilmir, yalnız məsafəni hesablamaq üçün istifadə olunur. Baytarın telefon nömrəsi siyahıda göstərilmir.
- Dövlət orqanları: yalnız qanunla tələb olunduqda.
Bu şirkətlərin bəzilərinin serverləri Azərbaycandan kənarda (ABŞ və Avropa İttifaqı) yerləşir. Xidmətdən istifadə etməklə məlumatın orada emal olunmasına razılıq verirsiniz. Məlumat həmişə şifrələnmiş (HTTPS) kanalla ötürülür.
4. Nə qədər saxlayırıq
- Hesab məlumatları: hesabınız açıq olduğu müddətdə.
- Profil şəkli: siz silənə və ya dəyişənə qədər. Ayarlar → Profil şəklini silin ilə istənilən vaxt silə bilərsiniz. Hesabınızı silsəniz, şəkil də silinir.
- Sifariş, ödəniş və abunəlik qeydləri (ünvan, xəritədəki nöqtə, əlaqə nömrəsi daxil): Vergi Məcəlləsinin 71.4-cü maddəsinə görə ən azı 5 il. Hesabınızı silsəniz də bu qeydlər qalır, amma hesabınızdakı ad, e-poçt və telefon nömrəsi silinir və qeydlər artıq sizin adınıza bağlı olmur.
- Parol bərpa kodu: 10 dəqiqə etibarlıdır.
- İtən və tapılan elanları: 30 gündən sonra siyahıdan çıxır. Hesabınızı silsəniz elanlarınız bağlanır və nömrəniz onlardan silinir.
- Rəylər: platformada qalır. Gizlədilməsini istəsəniz, bizə yazın. Hesabınızı silsəniz, adınız rəydən silinir və rəy «Müştəri» adı ilə qalır.
- Heyvan profili və qulluq qeydləri: siz silənə qədər hesabınızda qalır. Profili silsəniz, onun qulluq qeydləri də silinir. Hesabınızı silsəniz, hamısı silinir.
- PetAI söhbətləri: siz silənə qədər hesabınızda qalır. Söhbəti istənilən vaxt PetAI → Söhbətlər bölməsindən silə bilərsiniz. Söhbəti və ya hesabı silsəniz, suallar sizinlə əlaqəsiz (adsız) şəkildə təhlükəsizlik yoxlaması və xidməti yaxşılaşdırmaq üçün qala bilər.
Hesab silinəndə nəyin silindiyi və nəyin qaldığı ətraflı Hesabın silinməsi səhifəsində yazılıb.
5. Brauzerinizdə nə saxlanılır
Petekh reklam və ya izləmə cookie-si istifadə etmir. Rahatlıq üçün brauzerin yaddaşında (localStorage) bunlar saxlanılır: giriş açarı, seçdiyiniz dil, son çatdırılma ünvanı və nömrəsi, son açdığınız PetAI söhbətinin nömrəsi, PetAI-də seçdiyiniz heyvan və bəzi ekran seçimləri. Bunlar yalnız sizin cihazınızdadır. Çıxış edəndə və ya brauzer məlumatlarını təmizləyəndə silinir. «Google ilə giriş» istifadə etsəniz, Google öz cookie-lərini qoya bilər.
6. Təhlükəsizlik
Bütün əlaqə HTTPS ilə şifrələnir. Parollar və bərpa kodları geri açılmayan formada saxlanılır. Giriş cəhdləri məhdudlaşdırılır. Hücum və avtomatik skan cəhdləri avtomatik aşkarlanır və bloklanır. Giriş açarı 30 gün istifadə olunmasa etibarsız olur və yenidən daxil olmaq lazım gəlir. Məlumata yalnız iş üçün lazım olduqda baxılır. Heç bir sistem 100% təhlükəsiz deyil. Məlumat sızması baş verərsə, sizə və qanunun tələb etdiyi orqanlara xəbər verəcəyik.
7. Hüquqlarınız
«Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən siz:
- haqqınızda hansı məlumatın saxlanıldığını öyrənə bilərsiniz;
- səhv məlumatı düzəltdirə bilərsiniz;
- hesabınızı və məlumatlarınızı sildirə bilərsiniz (qanunla saxlanmalı olan qeydlərdən başqa);
- istəyə bağlı məlumatın emalına verdiyiniz razılığı geri götürə bilərsiniz;
- hüquqlarınızın pozulduğunu düşünürsünüzsə, səlahiyyətli dövlət orqanına və ya məhkəməyə müraciət edə bilərsiniz.
Bunun üçün petekhsupport@gmail.com ünvanına yazın. Hesabı tətbiqdə Ayarlar → Hesabı sil bölməsindən özünüz də silə bilərsiniz.
8. Yaş həddi
Petekh 18 yaşdan yuxarı şəxslər üçündür. 18 yaşdan kiçik şəxsin hesab açdığını bilsək, hesabı bağlayırıq.
9. Dəyişikliklər
Bu sənədi dəyişə bilərik. Yuxarıdakı tarix son dəyişikliyi göstərir. Əhəmiyyətli dəyişiklik olsa, tətbiqdə xəbər veririk.
10. Əlaqə
E-poçt: petekhsupport@gmail.com
WhatsApp: mesaj yazın
Məlumatların sahibi və operatoru
VÖEN:
Ünvan:
← petekh.com-a qayıt